Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi

Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi (DƏQKİS) Dünya Bankının “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Türkiyə Respublikasının NetCAD və Azərbaycan Respublikasının Cybernet şirkətlərinin konsorsiumu  tərəfindən yaradılıb 2016-cı ildə Komitənin struktur bölmələri, strukturuna daxil və tabeli qurumlarının istifadəsinə verilmişdir.

DƏQKİS daşınmaz əmlak bazarlarının idarəedilməsini, Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrinin aparılmasını, daşınmaz əmlakın vahid dövlət kadastrı, həmçinin daşınmaz dövlət əmlakının idarə edilməsini, o cümlədən icarəyə verilməsi, özəlləşdirilməsi, hərracların təşkili, sənəd dövriyyəsi barədə məlumatların vahid məlumat bazasında toplanılmasını və idarə edilməsini, onların mühafizəsini təmin edən, əhəmiyyətli sistemləri dəstəkləyən etibarlı, şəffaf və səmərəli avtomatlaşdırılmış sistemdir. Həmçinin Sistem vasitəsilə müxtəlif hesabatlar əldə etmək və elektron xidmətlər həyata keçirmək mümkündür.

Sistem Komitənin biznes prosesləri analiz edilərək hazırlanmışdır. DƏQKİS-in Kadastr modulu daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrini özündə saxlayır və müxtəlif kadastr əməliyyatlarını icra etməyə imkan verir. Hazırda Bakı, Gəncə və Şəki şəhərləri üzrə hazırlanmış mükəmməl rəqəmsal kadastr bazası DƏQKİS-ə miqrasiya edilmiş, 53 rayon mərkəzinin sadə kadastr məlumatları DƏQKİS-ə daxil edilmişdir.

DƏQKİS ümumilikdə 18 moduldan və 70-dən çox biznes prosesindən ibarət olmaqla ƏMDK-nin bütün biznes proseslərini özündə cəmləşdirən bir sistemdir.