AzNav Naviqasiya Sistemi

Ölkənin ilk milli GPS naviqasiya sistemi olan AzNav Sinam şirkəti ilə ƏMDK arasında olan əməkdaşlıq əsasında hazırlanıb 2017-ci ildə istifadəyə verilmişdir. Sistem Google şirkətinin Play Marketinə və Apple şirkətinin App Store internet marketinə yerləşdirilmişdir. 07.09.2017-ci il tarixinə kimi proqram 140000-dən çox istifadəçi tərəfindən yüklənmişdir. “AzNav” milli naviqasiya sisteminin təbliği ilə bağlı http://aznav.az/ internet səhifəsi və https://www.facebook.com/aznav.navigator facebook səhifəsi hazırlanmışdır.

Dəqiq və hər zaman yenilənən oflayn GPS naviqasiya sistemi “AzNav” Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanıb. “AzNav” həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər, həm də poçt, yükdaşıma, taksi, turist, nəqliyyatın tənzimlənməsi və digər fəaliyyətlərdə son dərəcə faydalıdır. Naviqasiya Sistemindən istifadə etməklə istənilən seçilən ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən etmək mümkündür. Naviqasiya sistemi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanlarına malikdir.

Ölkənin ilk rəsmi Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759227 bina və tikili, 77972 maraq nöqtəsi POI (obyektlər), 117 Körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.

İstifadəçilər tərəfindən daxil olan rəy və təkliflər əsasında proqram təkmilləşdirilməkdədir.