Əmlak Məsələləri Dövlət Komitəsinin Informasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi İSO standartı üzrə beynəlxalq sertifikata layiq görülüb

 

Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi məlumat təhlükəsizliyi üzrə ISO 27001:2013 beynəlxalq standartlar sertifikatına layiq görülmüşdür.

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi standartı üzrə sertifikata layiq görülməsi fəaliyyətin müasir yanaşmalarla, innovasiyalarla həyata keçirilməsinin əyani göstəricilərindəndir. Belə ki, Mərkəz Əmlak Məsələləri Dövlət Komitəsi üzrə informasiya-kommunikasiya texnologiyaları strategiyasının hazırlanması, yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsi işini həyata keçirir. Yaradılmış infrastruktur dövlət əmlakının avtomatlaşdırılmış idarəedilməsinin həyata keçirilməsinə, proqram təminatının düzgün təşkil edilməsinə, komitənin internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin olunmasına imkan verir. Mərkəzdə daşınmaz əmlak, torpaq idarəçiliyi üzrə toplanan geoməkan məlumatları milli məkan məlumatları infrastrukturunun formalaşmasında baza rolunu oynayır. İnformasiya sistemlərində toplanmış məlumatların məxfiliyi mövcud qanunvericiliyə uyğun və İKT imkanlarından istifadə edilməklə qorunur. Bu sertifikatın əldə edilməsi isə mövcud məlumatların təhlükəsizliyi ilə bağlı görülən işlərin daha da təkmilləşdirilməsinə, idarəetmədə Nou-Hau texnologiyaların tətbiqinin genişləndirilməsinə imkan verir.

Qeyd edilməlidir ki, Beynəlxalq Standartlaşdırma Təşkilatı olan İSO 1947-ci ildə yaradılıb. İsveçrədə yerləşən bu beynəlxalq təşkilat indiyə qədər idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair 19 min 500-dən çox beynəlxalq standart müəyyənləşdirmişdir.