Səmərəli torpaq inzibatçılığı: 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən iqtisadi dövriyyəyə cəlb edilib

Ölkədə torpaqların dövlət idarəetməsinin təkmilləşdirilməsi, torpaq fondunun elmi əsaslarla istifadəsi, torpaq inzibatçılığında yeni yanaşmaların, intensiv metodların tətbiqi, o cümlədən torpaq istifadəçiliyində gəlirlilik meyarlarının artırılması istiqamətində mühüm iqtisadi əhəmiyyət kəsb edən tədbirlər görülür. Bu məqsədlə torpaq istifadəçiliyində dünya təcrübəsinə əsaslanan mütərəqqi idarəetmə üsulları və yeni texnologiyalar tətbiq edilir, kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən əkin dövriyyəsinə cəlb olunur, o cümlədən torpaqların rentabelliyi və faydalılıq prinsipi təmin edilir, torpaqların istifadəsinə nəzarət gücləndirilir.

Qeyd edilməlidir ki, boş və istifadəsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılır, bu sahədə yüksək nailiyyətlərin əldə edilməsi ilə bağlı işlər görülür. Belə ki, 50 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilmişdir. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılmışdır. Qeyd edilməlidir ki, 2017-ci il ərzində ümumilikdə 101 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilməsi də bu sahədə aparılan genişmiqyaslı işlərin nəticəsidir. Ötən il kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə 177 min ha yaxın torpaq sahəsi də hüquqi və fiziki şəxslərə icarəyə verilmişdir.

Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı  torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Belə ki, 152 min hektar torpağın təyinatı kənd təsərrüfatı məqsədilə dəyişdirilib. Həmin ərazi 28 Aqropark və 13 iri təsərrüfatın yaradılmasına imkan vermişdir. Qeyd edilməlidir ki, təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələlərin həlli baxımından mühüm tədbirlərdəndir. Təyinatı dəyişdirilən torpaq sahələrinin gəlirlilik potensialı artırılır. Eyni zamanda həmin sahələrdə əkin prosesinin aparılması bol məhsul əldə edilməsinə şərait yaradır. Bu isə ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir.

Torpaqlardan təyinatına uyğun və səmərəli istifadəsi, əsassız zəbt olunması, qanunvericiliyin tələblərindən irəli gələrək mühafizə zolaqları amilinə riayət edilməsi istiqamətində nəzarət tədbirləri gücləndirilir. Müvafiq tələblərə cavab verməyən tikinti işlərinin qarşısının alınması, torpaqların münbit qatının daşınmaması ilə bağlı monitorinqlər keçirilir, məqsədyönlü təhlillər aparılır. 

Bu istiqamətdə həyata keçirilən monitorinqlərdə məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri üçün istifadə olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və qum-çınqıl karxanaları və sair obyektlər yaradılır.

 Qeyd edilməlidir ki, bəzi hallarda torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması hallarına da rast gəlinir ki, bu da torpaqların eroziyaya uğramasına səbəb olur. Son nəticədə, torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır. Eyni zamanda həmin torpaqların kənd təsərrüfatı dövriyyəsindən çıxmasına gətirib çıxarır.

Ümumilikdə aparılan monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 2500-ə yaxın hal üzrə inzibati protokollar tərtib edilmişdir.

Ötən illər ərzində aparılan monitorinq zamanı 8 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahələrində 26 minə yaxın kateqoriyasına uyğun olmayan tiklilərin inşa olunduğu müəyyən edilmişdir.

Vətəndaşların Xəzər sahilində istirahət hüququnu məhdudlaşdıran, sakinlərin narazılığına səbəb olan, müvafiq qaydalara uyğun aparılmayan hasarlanma ilə bağlı da işlər aparılır. İnşası qanunvericiliyin tələblərinə cavab verməyən hasarlar həmin yerin panoramik görünüşünü də pozmaqla turizm baxımından mənfi fəsadlara gətirib çıxarır. Sahil boyu ərazilərdə belə tiklilərin sahibi olan şəxslər müəyyənləşdirilərək barələrdə lazımi tədbirlər aparılır.

 Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 44 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunmuş, 15 hal üzrə sənədlər aidiyyəti hüquq mühafizə orqanlarına göndərilmişdir.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların dövlət idarəedilməsində müasir yanaşmaların tətbiqini daha da genişləndirəcək, effektiv üsullar tətbiq etməklə torpaq münasibətlərinin tənzimlənməsini reallaşdıracaq, o cümlədən torpaqların mülkiyyətçilər tərəfindən müntəzəm istifadəsini stimullaşdırmaqla bağlı keçirilən maarifləndirici tədbirləri davam etdirəcəkdir. Bununla yanaşı torpaq istifadəçiliyində mövcud sistemlə uzlaşmayan şəxslərin müəyyənləşdirilməsi ilə bağlı monitorinqlər təşkil olunacaq, bu sahədə arzuolunmayan mənfi göstəricilər aradan qaldırılacaq.

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?