Cəbhə bölgəsi “Kütləvi çıxarış” kampaniyasının növbəti ünvanı oldu

Cəbhə bölgəsində yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması, dövlət qurumları tərəfindən göstərilən ictimai xidmətlərdə, o cümlədən dövlət əmlakının sənədləşdirilməsində əlçatanlığın, operativliyin təmin olunması dövlətin daim diqqət mərkəzindədir. Həmin ərazilərdə yaşayan sakinlərin maksimum rahatlığının təmin olunması, məmnunluğunun artırılması üzrə bir çox sahələrdə mühüm tədbirlər keçirilir. Cəbhə bölgəsində yaşayan sakinlər daha bir sahədə də dövlət dəstəyini hiss ediblər.

Belə ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən olan “Kütləvi çıxarış” kampaniyası budəfə cəbhə bölgəsində yaşayan sakinlərə xidmət göstərib, onların rahatlığını təmin edib. Bu addım cəbhə bölgəsi sakinlərinə dövlət qayğısının göstərilməsinin, sosiallıq prinsipinin ön planda olmasının əyani göstəricisidir. Bu kimi kampaniyanın məhz cəbhə bölgəsində təşkil olunmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, qeydiyyat xidmətlərinin çatdırılmasında çevikliyin daha da artırılmasıdır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 21-də keçirilən növbəti kampaniyanın ünvanı Ağdam rayonunun Qaradağlı, Əfətli, Çəmənli və Sarıcallı kəndləri olub. Qeydiyyat xidmətlərinin birbaşa olaraq cəbhə bölgələrində göstərilməsi sakinlərin əlavə ünvana getmədən rahatlıqla əmlaklarına dair sənəd əldə etməsinə imkan yaradıb.

Qeyd edilməlidir ki, rayonun həmin kəndlərindən olan 220-yə yaxın sakininə qeydiyyatla bağlı xidmət göstərilib. Vətəndaşlar arasında Qarabağ müharibəsi veteranı, qaziləri, şəhid ailələri olub. Qaradağlı kəndindən 75 ailə, Əfətlidən 60, Çəmənlidən 50, Sarıcallıdan isə 35 ailə xidmətlərdən yararlanıblar. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Kampaniya çərçivəsində bir neçə Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin birbaşa evlərində qeydiyyat xidmətləri göstərilib. Onların bəzilərinə əmlaklarına dair çıxarışlar təqdim olunub, bəzilərindən isə ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib.

Eyni zamanda, rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, eləcədə kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Elə həmin gün çıxarış verilməsi məqsədilə 70-ə yaxın sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb.

Vətəndaşlara çıxarışlar təqdim olunmaqla yanaşı, 50 nəfərə yaxın kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Onlara çıxarışın əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı, həmin sənədlərin hansı qurumlardan alınması qaydası, o cümlədən qeydiyyat müddəti və prosedurları izah olunub. Qeydiyyatla bağlı həyata keçirilən yeniliklər, əhalinin işini sadələşdirən elektron xidmətlər, həmçinin “bir pəncərə” prinsipi barəsində məlumat verilib. Vaxtın daha çox şəxsi təsərrüfatların inkişafına sərf etməyə imkan verən kampaniya vətəndaş məmnunluğuna da səbəb olub. Belə ki, sakinlər göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər. Bildiriblər ki, kampaniya onların işdən ayrılmadan, vaxtlarına qənaət etməklə sənəd almasına şərait yaradıb.

Qeyd edilməlidir ki, çıxarışlar verilməmişdən öncə komitə əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Xüsusi qurğular vasitəsilə mühəndislik işləri həyata keçirilib. Belə ki, əmlakın müayinəsi, çöl-ölçmə işləri aparılıb, texniki plan-ölçüləri müəyyənləşdirilib.

Bu kampaniya sakinlərin daşınmaz əmlaklarını rahatlıqla qeydiyyata almaqla yanaşı, həm də vətəndaşların mülkiyyət hüquqlarının və əmlaklarının dövlət tərəfindən qorunmasının göstəricisidir. Belə tədbirlər cəbhə bölgəsində əhalinin öz əmlaklarının daha aktiv şəkildə iqtisadi proseslərə cəlb edilməsinə, iqtisadi fəaliyyətin stimullaşdırılmasına, leqal əmlakların sayının artmasına imkan verir. Eyni zamanda bu həmin ərazilərdə daşınmaz əmlak bazarının daha da inkişafına, canlanmasına şərait yaradır.

Qeyd edilməlidir ki, kampaniya paytaxtla yanaşı regionları, hətta ucqar kəndləri əhatə edir, tarlalarda, əkin biçin sahələrində, iş yerlərində keçirilir. Ahıl, fiziki imkanları məhdud, tənha şəxslərə yaşadıqları evlərində, mənzillərində qeydiyyat xidmətləri göstərilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlarının maksimum rahatlığını təmin etməyə yönələn tədbirlər, sosial layihələr davam etdiriləcək, ictimai xidmətlərdə vətəndaş məmnunluğu daha da artırılacaq.

 
 
 

Sorğu

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasında iştirak etmisinizmi?