Məmnunluq prinsipinə xidmət edən “Kütləvi çıxarış” kampaniyası: 150-ə yaxın Ağcabədi sakini heç bir yerə getmədən qeydiyyat xidmətlərindən yararlanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının əsas qayəsini dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir metodlarla həyata keçirilməsi təşkil edir. Eləcə də, vətəndaşlara göstərilən ictimai xidmətlərdə məmnunluq səviyyəsinin təmin olunması, insan amilinin ön plana çəkilməsi də prioritet vəzifələrdəndir. Tapşırıqlara uyğun olaraq digər sahələrdə olduğu kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində də vətəndaşların xidmətlərə olan əlçatanlığı artırılır, prosedurlar maksimum sadələşdirilir, bu sahədə sosial layihələr reallaşdırılır. Qeyd edilməlidir ki, ərazi və rayon ofisləri ilə yanaşı “Kütləvi çıxarış” kampaniyası və mobil ofis layihələri vasitəsilə də birbaşa olaraq yerlərdə qeydiyyat xidmətləri göstərilir. Kampaniya paytaxtla yanaşı regionları, hətta ucqar kəndləri əhatə edir, tarlalarda, əkin biçin sahələrində, iş yerlərində keçirilir. Ahıl, fiziki imkanları məhdud, tənha şəxslərə yaşadıqları evlərində, mənzillərində qeydiyyat xidmətləri göstərilirik ki, bu da sosial layihəni digərlərindən fərqləndirir. Belə sosial layihələr qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdırmaqla, onların işdən ayrılmamasına, vaxt itkisi olmadan çıxarış əldə etməsinə, vətəndaşların razılığına imkan yaradır.

Məqsəd isə vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və operativliyin artırılmasıdır.

Bu istiqamətdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən, qeydiyyatla bağlı vətəndaş rahatlığını təmin edən “Kütləvi çıxarış” kampaniyası davam etdirilir. Budəfəki kampaniya fevralın 16-da Ağcabədi rayonun Hindarxı qəsəbəsində, habelə Kəhrizli, Sarıcalı, Poladlı, İmamqulu, Bayat kəndlərində keçirilib. Bununla çıxarış əldə etmək üçün kənd və qəsəbələrdən insanların əlavə məsafə qət edərək rayon ərazi qeydiyyat ofislərinə gəlməsinə ehtiyac qalmayıb.

Rayonun bu kənd və qəsəbələrindən olan 150-ə yaxın əhalisinə qeydiyyatla bağlı xidmət göstərilib. Belə ki, 80-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı, bələdiyyə torpaqlarını əhatə edib. Elə həmin gün çıxarış verilməsi məqsədilə 30-dan çox sakindən hüquqmüəyyənedici sənədlər toplanıb. Kampaniya çərçivəsində bir neçə Qarabağ müharibəsi əlillərinin birbaşa evlərində ilkin hüquqmüəyyənedici sənədlər də qəbul edilib.

Vətəndaşlara çıxarışlar təqdim olunmaqla yanaşı, 40-a yaxın sakinə hüquqi yardım xidmətləri də göstərilib. Sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımi sənədlərin hansı qurumdan alınması barədə məlumatı az olan əhalinin sualları cavablandırılıb, prosedurlar izah olunub. Bununla da “Vaxt-dəyərlidir” prinsipinə əsaslanan Kampaniya vətəndaşların zamanını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb. Sakinlər isə göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər.

Qeyd edilməlidir ki, çıxarışlar verilməmişdən öncə komitə əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində mühəndislik işlərinin aparılması, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılması həyata keçirilib. Bununla da vətəndaşın xidmətə deyil xidmətin vətəndaşa çatdırılması prinsipi tam təmin olunub.   

Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Bununla da əmlakdan girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.

Sosial məmnunluq, rahatlıq və şəffaflıq istiqamətində görülən tədbirlər bununla bitmir. “Bir pəncərə” prinsipi də vətəndaşların əmlak qeydiyyatı işini maksimum yüngülləşdirib. Əmlakına çıxarış almaq istəyən kəs yalnız bir quruma - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edir.

Qeyd edilməlidir ki, mühüm sosial tədbirlər və yeniliklər, o cümlədən “Kütləvi çıxarış” kampaniyası daha intensiv və böyük əhali sayını cəlb etməklə davam etdiriləcək.

  

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?