14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanmışdır

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, torpaq idarəçiliyi və inzibatçılığının yeni iqtisadi prinsiplərə əsasən qurulması və tənzimlənməsi, torpaqların dəqiq uçotunda müasir yanaşmaların, elmi texniki nailiyyətlərin tətbiqi ilə bağlı Fərman və tapşırıqlar verilib. Belə ki, ölkə başçısı tərəfindən 2016-cı il 7 mart tarixli fərmanı ilə Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərman və tapşırıqların icrası məqsədilə ardıcıl fəal tədbirlər həyata keçirir. Belə ki, hazırda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması işi aparılır. Bu zaman müasir coğrafi informasiya sistemləri və informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Belə işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib. Mülkiyyət növündən və kateqoriyasından asılı olmayaraq bütün torpaqların uçotu aparılır. Sistemdə torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları və digər məlumatlar əksini tapır.

Sistem müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayır. Torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbulu üçün imkanlar yaradır. Həmçinin bununla daşınmaz əmlakın vahid kadastrı, mülkiyyət hüquqlarının qeydiyyatı və torpaq bazarı daha sistemli qaydada təşkil edilir. Bununla mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesi daha da sadələşir. Eyni zamanda sistem torpaq ehtiyatlarının idarə edilməsində dövlət mexanizminin təkmilləşdirilməsi üçün, dövlət nəzarətinin daha effektiv həyata keçirilməsi baxımından lazım olan bütün məlumatları özündə ehtiva edir.

Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması zamanı sahəvi geodeziya işləri yerinə yetirilir. Ərazilərin məkan şəraitləri tədqiq olunur, inzibati ərazi dairələrinin sərhədləri xəritələşdirilir. Eyni zamanda vaxtilə torpaq islahatı işləri yekunlaşmamış ərazilərdə torpaq islahatları işi başa çatdırılır. Belə ki, kadastr uçotunun nəticələrinə istinad edilməklə, Xaçmaz, Siyəzən, İmişli, Beyləqan, Zaqataladan olan 4000-ə yaxın payçı ilə bağlı uzun illərdən bəri mövcud olan torpaq məsələləri öz müsbət həllini tapmışdır. Bundan başqa yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi məqsədilə də layihə həlləri hazırlanır. 

Qeyd edilməlidir ki, 2017-ci ildə 18 rayonda çöl geodeziya ölçmə işləri yekunlaşmışdır. Bunlardan 14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanmışdır. Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması nəticəsində bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur. Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilmişdir. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşmışdır. Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaqdır. Qeyd edilməlidir ki, Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında “Azərkosmoc” ASC-in kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur. Bu imkanların tətbiqi  ilə torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılır.

Torpaqların elektron kadastr uçotu informasiya sisteminin qurulması çərçivəsində çöl torpaq və geobotaniki tədqiqat işlərinin yerinə yetirilməsi, torpaqların keyfiyyətinin müəyyənləşdirilməsi, münbitliyin öyrənilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, 850 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 770 min hektara  yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılmışdır. Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri yerinə yetirilir.

Torpaqların keyfiyyət göstəricilərinin, münbitliyinin artırılması, əkin işləri zamanı səmərəliliyin maksimum səviyyəyə çatdırılmasına nail olmaq üçün stasionar və səyyar mobil laboratoriyalardan istifadə edilir. Mobil laboratoriyalar vasitəsilə əkin sahələrinin yararlı olub olmaması, analizlər nəticəsində torpağın “qida rasionu” düzgün müəyyənləşdirilir. Mülkiyyətçi torpaq analizlərinin nəticələrinə əsasən yaxşı məhsul almaq üçün lazımi, o cümlədən  aqrokimyəvi  tədbirlər barədə operativ olaraq məlumat alır. Aparılan təhlillər əsasında torpağa hansı mineral və ya üzvü gübrələrdən nə qədər həcmdə verilməsi müəyyənləşir. Məsələn, laboratoriyalar vasitəsilə torpaqların nəmliyinin müəyyənləşdirilməsi əkin sahələrinin şoranlaşma və ya quraqlıq dərəcəsini dəqiqləşdirir. Nəticədə kəndli torpaqların əkinə yararlılığı üçün suvarma sisteminin fəaliyyətini düzgün qaydada yerinə yetirə bilir. Bundan başqa kəndliyə əvvəlcədən öz torpağında hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu  bilməsi imkanı yaradılır. Beləliklə, mobil laboratoriyaların fəaliyyəti kənd təsərrüfatı sahəsində yüksək göstəricilərin əldə edilməsinə şərait yaradır, fermerin həm məhsulu, həm də vəsaiti itkiyə getmir. Ötən il ərzində 7 rayonda mobil laboratoriyalar vasitəsilə torpaq tədqiqatı işləri aparılmış, həmin ərazilərin torpaq və bonitirovka xəritələri tərtib edilərək şifarişçilərə təhvil verilmişdir.

Qeyd edilməlidir ki, torpaq uçotu işləri aparılan 32 bölgədə rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, torpaq istifadəçilərinin, mülkiyyətçilərinin iştirakı ilə geniş forumlar keçirilmiş, torpaq mülkiyyətçiləri tərəfindən torpaq sahələrinin tanıdılması işləri icra olunmuşdur.

Komitə tərəfindən görülən bu genişmiqyaslı tədbirlər torpaq bazarının təkmilləşdirilməsinə, torpaq balansının dəqiqləşdirilməsinə, o cümlədən vahid torpaq kadastrı bazasının yaradılmasına, idarəetmədə səmərəlilik prinsipinin təmin edilməsinə imkan verir. Elektron kadastr informasiya sisteminin yaradılması ilə torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqları aradan qaldırılır və çoxsaylı torpaq mübahisələrinə son qoyulur. Torpaq kadastrı bazasından istifadə etməklə, kənd təsərrüfatı təyinatlı torpaqların məhsuldarlığını artırmaq mümkündür. Belə ki, dəqiq torpaq uçot məlumatları, torpaqların yaxşılaşdırılması, keyfiyyət, relyef, ekoloji, təbii-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla torpaqlardan istifadənin istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır.

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?