Əmlak Məsələləri Dövlət Komitəsinin aparatında və onun strukturuna daxil olan qurumlarda işləyən dövlət qulluqçularının etik davranış qaydaları

 

ƏMR

№ 102

 Bakı şəhəri

“ 25 ” noyabr 2009-cu il

  

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinin və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 14.9-cu bəndini rəhbər tutaraq

əmr edirəm:

 

1. “Əmlak Məsələləri Dövlət Komitəsinin aparatında və onun strukturuna daxil olan qurumlarda işləyən dövlət qulluqçularının etik davranış Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Komitənin aparatının struktur bölmələrində və ərazi şöbələrində, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatında və Komitənin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində işləyən dövlət qulluqçuları öz fəaliyyətlərində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və bu əmrlə təsdiq olunan Qaydalara ciddi riayət edilməsini təmin etsinlər.

3. Aparatın rəhbəri İ.Həbiyevə, Kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinə, Hüquq şöbəsinə və Daxili nəzarət şöbəsinə tapşırılsın ki, bu əmrdən irəli gələn məsələlərin həll edilməsini, müntəzəm təhlillərin aparılmasını, məlumatların ümumiləşdirilməsini və müvafiq təkliflərin verilməsini təmin etsinlər.

4. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu əmrin surətinin komitənin aparatının struktur bölmələrinə və strukturuna daxil olan qurumlara çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət komitə aparatının rəhbəri İ.Həbiyevə həvalə edilsin.

  

   

Sədr                                                                                               K.Həsənov

  

    

 

    

Əmlak Məsələləri Dövlət Komitəsinin aparatında və onun strukturuna daxil olan qurumlarda işləyən dövlət qulluqçularının etik davranış

QAYDALARI

         

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”   Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinin və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinin icrası məqsədilə hazırlanmışdır.

1.2. Bu Qaydalar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarına, dövlət qulluğunu tənzimləyən digər qanunvericilik aktlarına uyğun hazırlanmaqla dövlət qulluqçularının qanunvericiliklə müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra - Komitə) aparatında və onun strukturuna daxil olan qurumlarda işləyən dövlət qulluqçuları üçün konkretləşdirir. 

1.3. Bu Qaydalar Komitənin  aparatında və ərazi şöbələrində, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatında və Komitənin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində işləyən bütün dövlət qulluqçularına şamil edilir.

 

2. Qaydaların məqsədləri

2.1. Bu Qaydaların məqsədləri aşağıdakılardır:

2.1.1. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”   Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi;

2.1.2. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”   Azərbaycan Respublikası Qanununun müddəalarının Komitənin və onun strukturuna daxil olan qurumların vəzifə və funksiyaları, habelə Komitə daxili qaydalar nəzərə alınmaqla konkretləşdirilməsi;

2.1.3. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”   Azərbaycan Respublikası Qanununa və bu Qaydalara dövlət qulluqçuları tərəfindən riayət edilməsi üzərində qanunvericiliklə müəyyən edilmiş nəzarətin həyata keçirilməsi.

   

3. Dövlət qulluqçularının etik davranış qaydaları

3.1. Dövlət qulluqçularının etik davranış qaydaları aşağıdakılardan ibarətdir:

3.1.1. vicdanlı davranış;

3.1.2. peşəkar və fərdi məsuliyyətin artırılması;

3.1.3. loyallıq;

3.1.4. ictimai etimad;

3.1.5. insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf, ləyaqət və işgüzar nüfuzuna hörmət, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət;

3.1.6. mədəni davranış;

3.1.7. əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi;

3.1.8. qərəzsizlik;

3.1.9. maddi və qeyri maddi nemətlərin, imtiyaz və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi; 

3.1.10. korrupsiyanın qarşısının alınması;

3.1.11. hədiyyə almaqla əlaqədar məhdudiyyətlər;

3.1.12. maraqların toqquşmasının qarşısının alınması;

3.1.13. əmlakdan istifadə;

3.1.14. məlumatlardan istifadə;

3.1.15. ictimai və ya siyasi fəaliyyət.

   

4. Vicdanlı davranış

4.1. Dövlət qulluqçusu:

4.1.1. şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirməlidir;

4.1.2. bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır;

4.1.3. vəzifə təlimatları və digər aktlarla dövlət qulluqçusunun üzərinə qoyulmuş vəzifələri vicdanla, yalnız dövlətin mənafelərinə xidmət etmək məqsədi ilə və Komitənin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirməli, həmçinin müvafiq səlahiyyəti həyata keçirərkən həmin səlahiyyətin ona verilməsi məqsədlərindən kənara çıxmamalıdır;

4.1.4. öz üzərinə düşən vəzifələri əlavə tapşırıq gözləmədən öz təşəbbüsü ilə yerinə yetirməli, həmin vəzifələrin yerinə yetirilməsini qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla başqa şəxslərə həvalə etməməlidir;

4.1.5. məhkəmələrdə və digər orqanlarda Komitənin nümayəndəsi qismində iştirak etdikdə dövlətin mənafeyini müdafiə etmək üçün mümkün olan bütün vasitələrdən istifadə etməlidir.

   

5. Peşəkar və fərdi məsuliyyətin artırılması

5.1. Dövlət qulluqçusu:

5.1.1. öz fəaliyyətini qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməlidir;

5.1.2. etik davranışı və peşəkar fəaliyyəti ilə Komitəyə fiziki və hüquqi şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir;

5.1.3. qanunvericilik aktları və vəzifə təlimatları ilə onun üzərinə hansı vəzifələrin qoyulduğunu bilməli, peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidir;

5.1.4. dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, ondan səmərəli istifadə edilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və Komitənin  fəaliyyətinin digər istiqamətləri üzrə qəbul edilmiş normativ-hüquqi və normativ xarakterli aktları bilməlidir;

5.1.5. hazırladığı əmr, sərəncam və digər normativ-hüquqi və normativ xarakterli aktların layihələrini qanunvericiliyin tələblərinə uyğun tərtib etməlidir;

5.1.6. dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının hərraclarda satılması və Komitənin fəaliyyətinin digər istiqamətləri üzrə müvafiq vəzifələrin həyata keçirilməsi sahəsində əldə edilmiş təcrübəni ümumiləşdirməli, nöqsanları öz səlahiyyətləri daxilində aradan qaldırmalı və ya bu məqsədlə təkliflər verməlidir.

    

6. Loyallıq

6.1. Dövlət qulluqçusu:

6.1.1 qanunvericiliklə müəyyən edilmiş istisnalar nəzərə alınmaqla xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir;

6.1.2 dövlət qulluqçusu adı ilə bir araya sığmayan, özünü və Komitəni nüfuzdan salan, ictimaiyyət arasında Komitə barəsində mənfi təəssürat yaradan hərəkətlərə və ifadələrə yol verməməlidir;

6.1.3 açıq çıxışlar zamanı Komitə tərəfindən müəyyən edilmiş qaydalara riayət etməlidir;

6.1.4 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qulluqçusu üçün müəyyən edilmiş məhdudiyyətlərə əməl etməlidir.

   

7. İctimai etimad

7.1 Dövlət qulluqçusu:

7.1.1.  dövlətin, Komitənin və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməli, öz adını və şərəfini daim uca tutmalıdır;

7.1.2. etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir;

7.1.3. səlahiyyəti olduğu təqdirdə dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının hərraclarda satılması və Komitənin fəaliyyətinin digər sahələri üzrə kütləvi informasiya vasitələrinə düzgün məlumat verməlidir;

    

8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf, ləyaqət və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət

8.1. Dövlət qulluqçusu:

8.1.1. bütün fəaliyyətini insanların hüquq və azadlıqlarına, şərəf və ləyaqətinə hörmət prinsipi əsasında qurmalıdır;

8.1.2. insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (hərəkətsizliyə) yol verməməlidir;

8.1.3. xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə Komitənin digər işçilərinin şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir;

8.1.4. hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (hərəkətsizliyə) yol verməməlidir; 

8.1.5. dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının hərraclarda satılması ilə əlaqədar şəxslərin müraciətlərinə vaxtında və qanunamüvafiq qaydada baxmalı və cavablandırmalıdır;

8.1.6. dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar üçün bərabər şəraitin yaradılması, əmək kollektivlərinin üzvləri üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərin təmin edilməsi istiqamətində zəruri tədbirlər görməlidir;

8.1.7. məhkəmə qətnamələri ilə fiziki və hüquqi şəxslərin hüquqlarının bərpası ilə əlaqədar Komitənin üzərinə qoyulmuş vəzifələri öz səlahiyyətləri daxilində yerinə yetirməlidir;

8.1.8. fiziki və hüquqi şəxslərin özəlləşdirilməyə açıq elan edilmiş dövlət əmlakı və onun özəlləşdirilməsi ilə bağlı hərrac barəsində məlumat əldə etməsi üçün zəruri tədbirlər görməli, bununla bağlı onların suallarını cavablandırmalıdır;

8.1.9. daşınmaz əmlaka mülkiyyət və digər hüquqların dövlət qeydiyyatı zamanı süründürməçiliyə və əsassız gecikdirmələrə yol verməməli, qanuni əsaslar olmadan belə qeydiyyatdan imtina etməməlidir;

8.1.10. dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı hərracın keçirilməsinə dair müəyyən edilmiş qaydalara riayət etməli, hərracda iştirak edən şəxslər üçün bərabər şərait yaratmaqla şəffaflığı təmin etməlidir;

   

9. Mədəni davranış

9.1 Dövlət qulluqçusu:

9.1.1.bütün şəxslərlə, o cümlədən sektor, şöbə müdirləri və daha yuxarı rəhbərləri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır;

9.1.2. geyimində işgüzar üsluba üstünlük verməli və səliqəli olmalıdır;

9.1.3. Komitənin işçisi olmasını qabartmamalı, zərurət olmadan xidməti vəsiqəsini nümayiş etdirməməlidir.

   

10. Əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi

10.1. Dövlət qulluqçusu:

10.1.1. Komitə sədrinin və ya Komitənin strukturuna daxil olan qurumların rəhbərlərinin əmr, sərəncam və şifahi tapşırıqlarını, habelə sektor, şöbə müdirlərinin və daha yuxarı rəhbərlərinin yazılı və şifahi tapşırıqlarını düzgün və vaxtında icra etməlidir;

10.1.2. yuxarı və ya birbaşa rəhbərinin əmr, sərəncam və ya tapşırıqlarını qanunsuz hesab etdikdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”   Azərbaycan Respublikası Qanunu  ilə müəyyən edilmiş qaydada hərəkət etməlidir;

10.1.3. əmrlə hər hansı komissiyanın üzvü və ya rəhbəri təyin edilmişdirsə, həmin komissiyanın işində müəyyən edilmiş qaydada iştirak etməli və öz üzərinə düşən vəzifələri tam yerinə yetirməli, komissiyanın iş reqlamentinə riayət etməlidir;

   

11. Qərəzsizlik

11.1. Dövlət qulluqçusu:

11.1.1. dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının hərraclarda satılması və Komitənin fəaliyyətinin digər istiqamətləri üzrə müvafiq vəzifələri yerinə yetirərkən və ya qərar verərkən obyektiv və ədalətli olmalı, vətəndaşların konstitusiya ilə müəyyən edilən bərabərlik hüququna hörmət etməlidir;

11.1.2. şəxslərə münasibətdə siyasi mənsubiyyətlərinə görə ayrı-seçkiliyə yol verməməlidir;

11.1.3. dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və ya dövlət əmlakının hərraclarda satılması zamanı şəxsi maraqlarına uyğun hərəkət etməməli, yaxın münasibətdə olduğu şəxslərə üstünlük verməməlidir;

11.1.4. rəhbərlik səlahiyyətlərini həyata keçirərkən tabeliyində olan işçilərə bərabər münasibət bəsləməli, onlar arasında iş bölgüsünü düzgün və ədalətli aparmalıdır.

   

12. Maddi və qeyri maddi nemətlərin, imtiyaz və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi  

 12.1. Dövlət qulluqçusu:

12.1.1. dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və ya dövlət əmlakının hərraclarda satılması zamanı hər hansı vəzifənin yerinə yetirilməsi və ya yerinə yetirilməməsi müqabilində fiziki və ya hüquqi şəxslərdən maddi və ya qeyri-maddi nemət, imtiyaz və ya güzəşt tələb etməməlidir;

12.1.2. müvafiq vəzifənin yerinə yetirilməsi üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdırsa, belə ödənişin həyata keçirilməsini tələb etməməlidir;

12.1.3. müvafiq vəzifənin yerinə yetirilməsi üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdursa, müəyyən edilmiş məbləğdən artıq ödənişin həyata keçirilməsini tələb etməməlidir;

   

13. Korrupsiyanın qarşısının alınması

13.1. Dövlət qulluqçusu:

13.1.1. dövlət əmlakının idarə edilməsi, qorunması, ondan səmərəli istifadəyə nəzarətin həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi və hərraclarda satılması, icarəyə verilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və dövlət əmlakının hərraclarda satılması zamanı ona hər hansı maddi və qeyri maddi nemət, imtiyaz və ya güzəştlər təklif edildikdə bunu qəbul etməməli və bu barədə sektor, şöbə müdirinə və ya daha yuxarı rəhbərinə məlumat verməlidir;

13.1.2. dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından əldə edilən vəsaitlərin vaxtında və tam dövlət büdcəsinə köçürülməsini təmin etməlidir;

13.1.3. dövlət əmlakının özəlləşdirilməsi və ya icarəyə verilməsi zamanı alıcı və ya icarəçi qismində iştirak etməməlidir.

   

14. Hədiyyə almaqla əlaqədar məhdudiyyətlər

14.1. Dövlət qulluqçusu:

14.1.1. xidməti vəzifələrinin icrası müqabilində ona təklif edilən hədiyyəni, əgər belə hədiyyənin alınması onun vəzifələrinin qərəzsiz yerinə yetirilməsinə təsir edə bilərsə və ya hədiyyənin dəyəri qanunvericilikdə nəzərdə tutulmuş həddən yüksəkdirsə qəbul etməməlidir.

   

15. Maraqların toqquşmasının qarşısının alınması

15.1. Dövlət qulluqçusu:

15.1.1. qulluq funksiyalarının yerinə yetirilməsi ilə bağlı ona verilmiş səlahiyyətlərdən özünün və ya digər şəxslərin maraqları naminə istifadə etməməlidir;

15.1.2. xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə aidiyyəti struktur bölmələrə məlumat verməlidir; 

15.1.3. Komitənin aparatı və ya onun strukturuna daxil olan qurumlarda bir iş yerindən başqasına keçirilərkən şəxsi maraqları ilə xidməti vəzifələri arasında ziddiyyət yarana biləcəyi təqdirdə bu barədə müvafiq struktur bölməyə məlumat verməlidir;    

15.1.4. dövlət qulluğuna xitam verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbulla bağlı məhdudiyyətlərə əməl etməlidir.

    

16. Əmlakdan istifadə

16.1. Dövlət qulluqçusu:

16.1.1. xidməti istifadə üçün ona verilmiş maliyyə vəsaitlərindən, material və avadanlıqlardan qənaətlə və səmərəli istifadə etməlidir;

16.1.2. internet imkanlarından, kompüter, çap, surətçıxarma qurğularından və rabitə və nəqliyyat vasitələrindən yalnız xidməti məqsədlərlə istifadə etməlidir.

   

17. Məlumatlardan istifadə

17.1. Dövlət qulluqçusu:

17.1.1. dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının hərraclarda satılması və Komitənin və onun strukturuna daxil olan qurumların fəaliyyətinin digər istiqamətləri üzrə əldə edilmiş məlumatların istifadə olunması və yayılması mümkünlüyünü təmin etməlidir;

17.1.2. Komitədə və onun strukturuna daxil olan qurumlarda müəyyən edilmiş informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir;

17.1.3. hərraca çıxarılan dövlət əmlakları və hərracın keçirilmə tarixi və yeri, habelə hərracın nəticələri barədə məlumatları qanunvericiliklə müəyyən edilmiş müddətdə “Mülkiyyət” qəzetində və Komitənin internet saytında yerləşdirməlidir;

17.1.4. dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının hərraclarda satılması və Komitənin və onun strukturuna daxil olan qurumların fəaliyyətinin digər istiqamətləri üzrə əldə edilmiş məlumatlardan şəxsi maraqları üçün istifadə etməməlidir.

    

18. İctimai və ya siyasi fəaliyyət

18.1. Dövlət qulluqçusu:

18.1.1. xidməti vəzifələrinin qərəzsizliyinə və obyektivliyinə təsir göstərəcəyi təqdirdə ictimai və siyasi birliklərə üzv olmamalı, Komitədə və onun strukturuna daxil olan qurumlarda hər hansı siyasi partiya və ya dini təşkilatın xeyrinə təbliğat aparmamalı, digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin, dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir;

18.1.2. Komitədə və ya onun strukturuna daxil olan qurumlarda ictimai və siyasi birliklərin, dini təşkilatların struktur bölmələrini yaratmağa yönəlmiş hərəkətlər etməməlidir;

18.1.3. öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və digər namizədlərin, siyasi partiyaların xeyrinə istifadə etməməlidir.

   

19. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”   Azərbaycan Respublikası Qanununa və bu Qaydalara dövlət qulluqçuları tərəfindən riayət edilməsinə nəzarətin təmin edilməsi

19.1. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”   Azərbaycan Respublikası Qanununa və bu Qaydalara dövlət qulluqçuları tərəfindən riayət edilməsinə nəzarət sektor, şöbə müdirləri, daxili nəzarət bölmələri və ya kadrlarla iş üzrə qurumlar tərəfindən aparılır.

19.2. Bu nəzarətin təşkili məqsədi ilə aparatın rəhbəri, Kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsi, Daxili nəzarət şöbəsi, habelə Komitənin strukturuna daxil olan qurumların rəhbərləri tərəfindən Komitə rəhbərliyinə müvafiq məlumatların və təkliflərin təqdim edilməsi üçün:

– dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməli və onun təhlili aparılmalı;

– etik davranış qaydalarının pozulmasının vaxtında qarşısının alınması üzrə tədbirlər görülməli;

– dövlət qulluqçularına etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməli;

– etik davranış qaydalarının pozulması halları barədə məlumat verilməli;

– etik davranış qaydalarının pozulması ilə bağlı görüləcək tədbirlər barədə təkliflər verilməlidir.

19.3. Komitənin aparatında və strukturuna daxil olan digər qurumlarda işləyən dövlət qulluqçuları və struktur bölmələrin rəhbərləri bu Qaydalarda müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.