Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə Qərar №23

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti 

Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən

əmsalların təsdiq edilməsi barədə

Qərar № 23

 

Bakı şəhəri, 24 yanvar 2001-ci il

 

«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə»yə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar» təsdiq edilsin (əlavə olunur).

2. «Özəlləşdirilən müəssisə və obyektlərin qiymətləndirilməsinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 avqust tarixli 140 nömrəli qərarının 1-ci və 2-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A. RASI-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 24 yanvar tarixli
23 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən

Əmsallar

 

1. Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununa, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə»yə və digər normativ-hüquqi aktlara uyğun olaraq müəyyən edilmişdir.

2. Özəlləşdirilən müəssisə və obyektlərin start (satış) qiyməti və ya nizamnamə kapitalı onların ilkin qiymətinə müəssisənin maliyyə asılılığı, yerləşdiyi ərazinin əlverişliliyi və sairə göstəricilər nəzərə alınmaqla müvafiq əmsallar tətbiq edilməklə müəyyənləşdirilir.

3. Müəssisənin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı son hesabat tarixinə təsdiq edilmiş balans mə`lumatları əsasında aşağıdakı qayda ilə müəyyən edilir:

 

Sq = (A-P) x Ma x Zə x Xə x Gə

Burada:

Sq — müəssisənin start (satış) qiyməti;

A — müəssisənin balans aktivlərinin ümumi dəyəri;

P — müəssisənin balans öhdəlikləri (passivləri);

Ma — müəssisənin maliyyə asılılığı əmsalı;

Zə — müəssisənin yerləşdiyi zona əmsalı;

Xə — müəssisənin yerli xammalla təchiz olunma əmsalı;

Gə — müəssisənin gəlirlilik əmsalıdır.

Dövlət müəssisəsinin hüquqi şəxs olmayan struktur bölməsi (filial, istehsal sahəsi, sex və digər struktur bölmə) ayrıca özəlləşdirildikdə, qiymətləndirmə özəlləşdirmə anına öhdəliklərə uyğun tərtib olunmuş və baş müəssisə tərəfindən təsdiq edilmiş bölüşdürücü aktın (balansın) mə`lumatları əsasında aparılır.

4. Müəssisənin ilkin qiymətinə aşağıdakı əmsallar tətbiq edilir:

a) Müəssisənin maliyyə asılılığı əmsalı (Ma)—müəssisənin son hesabat dövrünə olan kreditor borclarının özəlləşdirmə anına onun qiymətləndirilən aktivlərinin dəyərinə olan nisbəti əsasında müəyyən edilir.

Müəssisənin maliyyə asılılığı əmsalı yuxarıda göstərilən nisbətin faizlə ifadəsinə uyğun olaraq aşağıdakı qaydada tətbiq edilir:

  • 10 faizdən aşağı olduqda—1,0;
  • 10—30 faiz olduqda—0,8;
  • 30—50 faiz olduqda—0,7;
  • 50—70 faiz olduqda—0,6;
  • 70 faizdən yuxarı olduqda—0,5 əmsalı tətbiq edilir.

b) Müəssisənin yerləşdiyi zona əmsalı (Zə):

Bakı şəhərində yerləşən müəssisələr üzrə;

  • 1—3-cü zonalarda yerləşən müəssisələr üçün—1,2;
  • 4—6-cı zonalarda yerləşən müəssisələr üçün—1,1;
  • 7-ci və digər zonalarda (şəhərətrafı və şəhərkənarı qəsəbələr aid edilməklə) yerləşən müəssisələr üçün—1,0;
  • Sumqayıt və Gəncə şəhərində yerləşən müəssisələr üçün—0,8;
  • respublika tabeli digər şəhər və rayonlarda yerləşən müəssisələr üçün—0,7.

c) Müəssisənin yerli xammalla təchiz olunma əmsalı (Xə):

  • müəssisə 100 faiz yerli xammalla təchiz olunma imkanına malik olduqda—1,0;
  • 50—100 faiz yerli xammalla təchiz olunma imkanına malik olduqda—0,9;
  • 50 faizə şəhər yerli xammalla təchiz olunma imkanına malik olduqda—0,7.

Bu əmsal müstəsna olaraq sənaye sahələrinə daxil olan müəssisələrdə tətbiq edilir.

ç) Müəssisənin gəlirlilik əmsalı (Gə)—müəssisənin son hesabat dövrünə olan balans mənfəətinin özəlləşdirmə anına onun qiymətləndirilən aktivlərinin dəyərinə olan nisbəti əsasında müəyyən edilir.

Müəssisənin gəlirlilik əmsalı yuxarıda göstərilən nisbətin faizlə ifadəsinə uyğun olaraq aşağıdakı qaydada tətbiq edilir:

  • son üç ildə müəssisənin orta rentabellik səviyyəsi 20 faizdən yuxarı olduqda—1,1;
  • son üç ildə müəssisənin orta rentabellik səviyyəsi 20 faizə qədər olduqda—1,0;
  • müəssisə son hesabat ilində fəaliyyət göstərməmiş və ya zərərlə işləmişdirsə—0,9;
  • müəssisə son iki hesabat ilində fəaliyyət göstərməmiş və ya zərərlə işləmişdirsə—0,8;
  • müəssisə son üç hesabat ilində fəaliyyət göstərməmiş və ya zərərlə işləmişdirsə—0,7.

5. Özəlləşdirilən müəssisələr (obyektlər) bina və tikililərin bir hissəsində yerləşdikdə və mühasibat uçotunda həmin sahələrin balans dəyəri haqqında mə`lumatlar olmadıqda, onlara aid edilən sahələr (qeyri-yaşayış, istehsal və digər tə`yinatlı sahələr) aşağıdakı qaydada qiymətləndirilir:

 

Bq=Qd x Yə

Burada:

Bq — bina və tikilinin bir hissəsində yerləşən sahənin start (satış) qiyməti;

Qd — bina və tikilinin bir hissəsində yerləşən sahənin qalıq dəyəri;

Yə — bina və tikilinin bir hissəsində olan müəssisənin (obyektin) yerləşmə əmsalıdır.

Yaşayış binalarında və inzibati tə`yinatlı binalarda yerləşən qeyri-yaşayış sahəsinin qalıq dəyəri (Qd) aşağıdakı düsturla müəyyən edilir

Qd=K x Sü x Bə x Hə x Mə x Aə

 

K — 1 m2 sahənin özəlləşdirmə zamanı qəbul edilən normativ dəyəridir və 200000 manat məbləğində müəyyən edilir.

Sü — müəssisə və obyektin yerləşdiyi ümumi sahədir və obyektin müəyyən olunmuş qaydada tərtib edilmiş texniki pasportunun göstəriciləri əsasında müəyyən edilir.

Bə — bina əmsalıdır:

a) daş, dəmir beton blok və panellərdən tikilmiş bina və tikililər üçün—1,0;

b) yüngül metal konstruksiyalarından və digər materiallardan tikilmiş bina və tikililər üçün—0,7 əmsalı tətbiq edilir.

Hə — hündürlük əmsalıdır:

a) mərtəbənin hündürlüyü 4,0 metrədək olduğu halda—1,0;

b) mərtəbənin hündürlüyü 4,0 metrdən yüksək olduğu halda—1,2 əmsalı tətbiq edilir.

Mə — mərtəbəlilik əmsalıdır:

a) birinci və yuxarı mərtəbələr üçün—1;

b) yarımzirzəmilər üçün—0,7;

c) zirzəmilər üçün—0,5 əmsalı tətbiq edilir.

Aə — bina və tikilinin köhnəlmə əmsalıdır:

a) 10 ilədək istismarda olan binalar üçün—1;

b) 10 ildən 25 ilədək dövrdə istismarda olan binalar üçün—0,8;

c) 25 ildən 50 ilədək dövrdə istismar olunan bina və tikililər üçün—0,6;

ç) 50 ildən çox dövrdə istismar olunan binalar üçün—0,5 əmsalı tətbiq edilir.

Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi bina və tikililərdə son on ildə əsaslı tə`mir və yenidənqurma işləri aparılıbsa, onda bina və tikiliyə tətbiq edilən bu əmsallar 20% artırılır.

Yə —müəssisənin (obyektin) yerləşmə əmsalı aşağıdakı kimi müəyyən edilir:

 

Bakı şəhəri üzrə

 

1 və 2-ci zona

1,8

3-cü zona

1,7

4-cü zona

1,6

5-ci zona

1,5

6-cı zona

1,4

7-ci zona

1,3

8-ci zona

1,2

9-cu zona

1,1

10-cu və digər zonalar (şəhərətrafı və şəhərkənarı qəsəbələr aid edilməklə) — 1,0

 

Sumqayıt və Gəncə şəhərləri üzrə

 

1-ci zona

1,1

2-ci zona

1,0

3-cü zona

0,9

4-cü zona

0,8

5-ci zona

0,7

6-cı zona

0,6

digər zonalar (kənd, qəsəbə və s.)

0,5

 

Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə

 

1-ci zona

0,9

2-ci zona

0,8

3-cü zona

0,7

digər zonalar (kənd, qəsəbə və s.)

0,6

 

Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala və Göyçay rayonları üzrə

 

1-ci zona

0,8

2-ci zona

0,7

3-cü zona

0,6

4-cü zona

0,5

 

Respublika tabeli digər rayonlar üzrə

 

1-ci zona

0,7

2-ci zona

0,6

digər zonalar (kənd, qəsəbə və s.)

0,5

 

Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi əraziyə görə onlara aid edilən sahələrin qiymətləndirilməsi zamanı tətbiq edilən əmsalları müəyyən etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə»də verilmiş zona bölgüsü əsas götürülür.

6. Dövlət əmlakının özəlləşdirilməsi prosesində əmlakın qiymətləndirilməsi zamanı müəyyən edilmiş əmsalların düzgün tətbiq edilməsinə riayət edilməsi məcburidir və həmin tələblərin pozulması əmlakın qiymətləndirilməsinin e`tibarsız sayılması üçün əsasdır.

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?