Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 19 fevral 2014-cü il tarixində keçirilmiş “Daşınmaz əmlaklar haqqında Milli Məkan Məlumat Bazasının İctimai Təqdimatı”nda çıxışı

Hörmətli xanımlar və cənablar!
Hörmətli media nümayəndələri!

İlk olaraq sizləri bugünkü tədbirdə salamlayıram!

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illər uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, bütün sahələrdə olduğu kimi, əmlak-torpaq münasibətlərinin yeniləşməsinə, daşınmaz əmlak idarəçiliyinin yeni mexanizmlərinin formalaşmasına təkan vermişdir.
İlk növbədə ölkəmizdə əmlak sahiblərinin, vətəndaşlarımızın və biznes qurumlarının əmlak hüquqlarının etibarlı qorunması, qeydiyyat-kadastr sisteminin modernləşdirilməsi, əmlakdan istifadə imkanlarının genişləndirilməsi istiqamətlərində əlverişli şərait yaradılmışdır. Bu sahədə şəffaflığın təmin edilməsi üçün geniş spektrli elektron xidmərlərin tətbiqi ölkə rəhbərliyi tərəfindən önə çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırıqları əsasında son illərdə Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin müasirləşdirilməsi və şəffaflaşdırılması sahəsində ciddi nəticələr əldə etmişdir.
Bu baxımdan, müasir dövrdə istənilən ölkədə səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi və şəffaf xidmətlər üçün ölkə üzrə daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası həlledici rol oynayır. Daşınmaz əmlaklar haqqında vahid informasiya bazası Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edir. Bu vahid informasiya bazası ilk növbədə tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən olmalıdır.
Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə daşınmaz əmlakın dövlət reyestrini, daşınmaz əmlakın vahid dövlət kadastrını, ünvan reyestrini, daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi üzrə məlumat bazasının təşkilini aparır. Bununla bağlı komitə müvafiq elektron informasiya resurslarını və sistemlərini yaratmaqdadır. Bu elektron informasiya resursları və sistemləri E-Hökumətin və Milli Məkan Məlumatları İnfrastrukturunun özəklərini təşkil edir. Bununla mərkəzi və yerli dövlət orqanlarının, bələdiyyələrin, vətəndaşların, biznes qurumlarının öz fəaliyyətlərində müvafiq məlumatlara olan istifadəçi ehtiyacları ödənilir.
Lakin, bu ehtiyacların ödənilməsi üçün həmin elektron informasiya resurslarında olan məlumatlar vahid standartlara və istifadəçilərin tələblərinə uyğun gəlməli, etibarlı və dolğun olmalı, çevik və səmərəli xarakter daşımalı, vətəndaşlara, istifadəçilərə çatdırılmaq üçün münasib olmalıdır. Belə olduqda informasiya resurslarının əhəmiyyəti və istifadə dairəsi artır.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən son 3 ildə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, elektron kadastr məlumat bazasının (rəqəmsal kadastr xəritələrinin) yaradılması, müasir ünvan reyestrinin qurulması, daşınmaz əmlakların bazar prinsipləri əsasında kütləvi qiymətləndirilməsi sahəsində əhəmiyyətli tədbirlər görülür. Əldə edilən məlumatlar mərkəzləşdirilir, vətəndaşlara, biznes qurumlarına, dövlət orqanlarına və bələdiyyələrə elektron xidmətlərin göstərilməsi, informasiya mübadilələrinin həyata keçirilməsi üçün hazırlanır və istifadə edilir.
Son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi ilə bağlı ciddi işlər görülür. Almaniyanın maliyyə dəstəyi ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi həyata keçirilir. Gəncə və Şəkinin bütün ərazisinin kadastr layihələrinin tərtibinə artıq başlanılıb. 2 il 6 ay ərzində bu iki rayon üçün elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq.
Qeyd etməliyəm ki, 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. Artıq Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Bu işlərlə paralel olaraq, bu il ərzində respublikanın 53 rayon mərkəzinin elektron kadastr məlumat bazası yaradılacaq, bu ərazilərin rəqəmsal kadastr xəritələri tərtib ediləcək. Həmçinin respublikanın 2 milyon hektar ərazisinin elektron kadastr məlumat bazası yaradılacaq.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti 10 fevral 2012-ci il tarixdə “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə" Fərman imzalamışdır.
Bu yaxınlarda cənab Prezidentimizin Fərmanı ilə "Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında" Əsasnamə təsdiqlənmişdir. Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi istiqamətində komitə tərəfindən işlər görülür. Yaxın zamanda Sistemin tətbiqinə başlanılacaqdır.
Hazırda respublikada ünvanvermə işləri yeni qaydalara əsasən aparılır. Tərəfimizdən Bakı şəhəri üzrə 1235 küçə və prospektdə giriş ünvanları təyin edilmişdir. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşmışdır. Gəncədə də bu işlərə artıq başlamışıq.
Ünvan işləri ölkədə aparılan sosial yönümlü işlərin tərkib hissəsi olmaqla Azərbaycan vətəndaşlarının sosial-məişət şəraitlərinin, rifah hallarının yaxşılaşdırılması tədbirlərindəndir.
Yeni ünvanvermə işləri həm ölkə vətəndaşlarının, həm də mərkəzi yerli icra hakimiyyəti orqanlarının, ölkə qonaqlarının ünvan axtarışı məsələlərini qaydaya salacaq. Yeni ünvan sistemi vətəndaşlara və hər bir quruma ünvan məlumatlarına çevik çıxış əldə etmək imkanı yaradacaq, ünvanların tapılması zamanı vaxt itkisi problemi aradan qalxacaq.
Sumqayıt şəhəri üzrə yuxarıda qeyd olunan məkan məlumatları bazası formalaşdırılmışdır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, kadastr və ünvan reyestri bazaları fəaliyyət göstərir, əmlakların kütləvi qiymətləndirmə sistemi yaxın vaxtlarda istifadəyə veriləcək. Bakı şəhəri və ölkənin digər rayonları üzrə tədbirlər davam etdirilir.
Qeyd etdiyim kimi, ölkə rəhbərliyi tərəfindən vətəndaşlara şəffaf, çevik və səmərəli xidmətlərin göstərilməsi ilə bağlı dövlət orqanlarına ciddi tapşırıqlar verilmişdir. Bir müddət bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti tərəfindən elektron xidmətlərin təşkili ilə bağlı müvafiq Fərman imzalanmışdır.
Bu istiqamətdə Komitə tərəfindən elektron xidmətləri geniş tətbiq etməklə öz fəaliyyətində şəffaflığın daha da artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində davamlı olaraq tədbirlər görülür. 2012-ci ildən etibarən elektron xidmətlərin tətbiqinə başlanılıb. Elə biz media və vətəndaş cəmiyyəti nümayəndələrinin, əlaqəli dövlət və bələdiyyə orqanlarının iştiraki ilə mütəmadi ictimai təqdimatlarda bu barədə danışmışıq. Komitənin fəaliyyət istiqaməti üzrə ümumilikdə 40-a yaxın xidmətdən artıq 16 elektron xidmət təşkil edilmişdir. Bu xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilmişdir.
Hazırda komitə tərəfindən vətəndaşlara daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, hərracların keçirilməsi və s. elektron xidmətlər təqdim edilir. Artıq qısa zaman ərzində 9000-ə yaxın elektron müraciət daxil olub.
Diqqətinizə çatdırım ki, elektron xidmətlərin sayının artırılması üzərində işlər aparılır. Komitə tərəfindən 2014-cü ildə daha 15 elektron xidmətin təşkili və vətəndaşlarımızın istifadəsinə verilməsi nəzərdə tutulur. Bunlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı barədə məlumatın elektron verilməsi, kadastr və texniki texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq.
Son dövrlər mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin sürətli inkişafı əsaslı uğurlardan biri hesab olunur. Məlum olduğu kimi, Dünya Bankının dəstəyi ilə 2007-ci ildən indiyədək “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” həyata keçirilir. Görülən işlər nəticəsində qeydiyyat prosesi xeyli sadələşib. Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Sadələşmədən sonra artıq vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edirlər.
Vətəndaşlara xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə mövcud qeydiyyat binaları təmir edilib və yeni binalar tikilib istifadəyə verilib. Məlumat bazaları elektron formata gətirilib. Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən daxil olan torpaq islahatı nəticəsində torpaq əldə etmiş mülkiyyətçilər barədə məlumatlar elektron reyestrə daxil edilir.
Bu fəaliyyətlərin nəticəsidir ki, əvvəlki illərlə müqayisədə ötən ildə daşınmaz əmlakın qeydiyyat sayı əvvəlki illərlə müqayisədə maksimum həddə çatıb. Bu rəqəm 180 minə yaxın olub.
Vurğulamalıyam ki, Azərbaycan "Doing Business-2014" hesabatının reytinq cədvəlində daşınmaz əmlakın qeydiyyatına görə 13-cü yerdədir. Bu hesabat Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il üçün dərc olunur və 10 müxtəlif göstərici üzrə 189 ölkəni əhatə edir. Hesabatda daşınmaz əmlakın qeydiyyatı sahəsində Azərbaycanın tutduğu yer dünya üzrə ən yaxşı göstəricilərdəndir.
Daşınmaz əmlaklarla bağlı xidmətlərin daha şəffaf və çevik göstərilməsi məqsədilə yaxın vaxtlarda Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi tərəfindən daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslar vasitəsilə real vaxt rejimində - onlayn verilməsinə başlanılacaq. Bu barədə ölkə başçısı tərəfindən bu gunlərdə müvafiq Fərman da imzalanmışdır.
Yeni mexanizmə görə, daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası vasitəsi ilə birbaşa vermək imkanı yaranacaqdır. Yəni mülkiyyət sahibləri əlavə olaraq qeydiyyat idarələrinə Forma-1 almaq üçün müraciət etməyəcəklər, bu məsələlər elektron mübadilələr sayəsində sadələşəcək.
Ötən ilin sonlarında komitə Ədliyyə Nazirliyi ilə birgə texniki məsələlərin həlli istiqamətində tədbirlər görüb. Artıq komitə daxili hazırlıq işlərini yekunlaşdırmışdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər başa çatmaq üzrədir. Bu mexanizm ən qısa zamanda işə düşəcək və vətəndaşlarımızın istifadəsinə veriləcək, onların rahatlığı üçün daha bir addım atılacaq.
Qeyd edim ki, yaxın gələcəkdə növbəti onlayn xidmətlərin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı da işlər aparılır. Bunlardan biri təkrar bazarlarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata almasıdır. Yəni notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat idarəsinə göndəriləcək. Əlavə proseduralar aradan qaldırılacaq, icra işlərinə başlanacaq, çeviklik təmin ediləcək.
Digər onlayn xidmət isə vətəndaşlar və hüquq sahiblərinin heç bir ünvana getmədən internet vasitəsilə öz əmlakları barədə zəruri məlumatlar, o cümlədən reyestr və kadastr məlumatlarını almaq imkanı ilə bağlıdır.
Bütün bunlar vətəndaşların vaxt itkisinin və qeydiyyat idarələrinə müraciətlərinin maksimum azaldılmasına xidmət edir.
Paralel olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “ASAN Xidmət” mərkəzlərində daşınmaz əmlakla bağlı mənzillər, əmlak barədə arayışların verilməsi ilə bağlı xidmətlər təşkil edilmişdir. Yeni imzalanmış Fərmana əsasən Əmlak Məsələləri Dövlət Komitəsi həmin mərkəzlərdə öz xidmət bölmələri vasitəsi ilə mənzillərin ilkin qeydiyyatı, fərdi yaşayış evlərinin təkrar qeydiyyatı və texniki pasportların verilməsi ilə bağlı xidmətləri təşkil etməkdədir.
Komitə tərəfindən fəaliyyət sahələri üzrə xidmətlərin inkişaf etdirilməsi istiqamətində vətəndaşların hüquqi maarifləndirilməsi ilə bağlı seminarlar, təlimlər keçirilir.
Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyətində ictimai institutlarla, qeyri-hökumət təşkilatları, bələdiyyələr ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində monitorinqlərin nəticələri qiymətləndirilmiş, əldə edilmiş nəticələr təhlil edilmiş və sistemin daha da şəffaflaşdırılması ilə bağlı addımlar müəyyən edilmişdir.
Bütövlükdə qeyd olunan bu tədbirlər nəticə etibarilə ölkəmizdə əmlak idarəçiliyinin müasir əsaslarla qurulması və davamlı inkişafına xidmət edir. Bütün bunlar daşınmaz əmlak informasiya sisteminin bərqərar olması, mülkiyyət hüquqlarının tanınması, qorunması və əmlakdan səmərəli istifadə edilməsi praktikasını daha da inkişaf etdirəcəkdir.
Bəhs etdiyim bu tədbirlərin məqsədi və son ünvanı isə Möhtərəm Prezidentimizin bildirdiyi kimi vətəndaşlarımıza, insanlarımıza ən müasir xidmətlərin göstərilməsi, ən yüksək qayğının çatdırılmasıdır.
Diqqətinizə görə sağ olun.