Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 3 may 2013-cü il tarixində keçirilmiş “Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları” mövzusunda elmi-praktik konfransda açılış nitqi


Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Hörmətli konfrans iştirakçıları!

Sizləri “Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları” mövzusunda elmi-praktik konfransda ürəkdən salamlayıram.

Bu Konfrans çox əlamətdar və mühüm bir tarixə hadisəyə - Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində təşkil edilmişdir.

Respublikamızın bütün guşələrində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı geniş tədbirlər keçirilməkdədir.

Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndərimiz Heydər Əliyevin anadan olduğu may ayının 10-u Azərbaycan tarixinin unudulmaz və şərəfli günüdür. Heydər Əliyev hər şeydən əvvəl böyük azərbaycanlı idi. «Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam» deyən müdrik rəhbərimiz dünya azərbaycanlılarının yaddaşına bütün zamanların ən böyük azərbaycanlısı kimi əbədi həkk olunmuşdur.

Dövlət müstəqilliyimizin bərpasının başlanğıcında ölkəyə səriştəsiz rəhbərlik səbəbindən Azərbaycan xaos və böhranla qarışı-qarşıya qalmış, anarxiya şəraitində dövlətçiliyimiz əleyhinə olan xarici qüvvələrin təsiri ilə dağıdıcı qüvvələr baş qaldırmışdı. Belə bir şəraitdə xalqın tələbi ilə hakimiyyətə yenidən dönən Heydər Əliyev ölkəmizi vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükələrindən xilas etdi.

Ulu Öndər Heydər Əliyev zəngin təcrübəsi, mətin iradəsi və müdrik siyasəti sayəsində qısa müddət ərzində respublikada siyasi sabitliyi bərqərar etdi. Bu isə öz növbəsində müstəqil dövlət quruculuğu işlərinə, əsaslı islahatların, o cümlədən iqtisadi islahatların həyata keçirilməsinə başlamağa zəmin yaratdı.

Müstəqil Azərbaycanın yeni iqtisadi modelinin əsaslı mülkiyyət islahatları bazasında formalaşması zəruriliyini əsas götürən Ulu Öndər mülkiyyətin müxtəlif formalarının mövcudluğunu təsbit etdi. Bununla bağlı dövlət tərəfindən hüquqi təminatları ölkənin yeni konstitusiyasında əks etdirdi. Bu əsasda yeni mülkiyyət münasibətlərinin təşəkkülü strategiyası müəyyən edildi. Həmin strategiyaya uyğun olaraq, bazar iqtisadiyyatı islahatlarının ardıcıl və sistemli şəkildə aparılması iqtisadi siyasətin əsası istiqaməti kimi qəbul olunmuşdu. İslahatların mühüm istiqamətləri kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi, azad sahibkarlığın və sərbəst rəqabətin inkişaf etdirilməsi qiymətləndirildi.

Ulu Öndər mülkiyyət islahatlarının mütəşəkkil qaydada və sürətli aparıması yolunu göstərdi. Bu yolun əsas cəhəti özəlləşdirmənin həm xalqın, həm də dövlətin mənafeləri baxımından səmərəli təşkil edilməsi idi.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı mühüm qərarların qəbulundan öncə bu sahədə əsas məsələlər Ölkə Prezidenti tərəfindən müvafiq dövlət strukturlarının, təsərrüfat rəhbərlərinin və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə geniş müzakirəyə çıxarılmışdır. Həmin müzakirələrin gedişində Ulu Öndər tərəfindən irəli sürülən müvafiq konseptual müddəalar ölkəmizdə özəlləşdirmənin strateji xətlərinin müəyyən edilməsi üçün əsas olmuşdur.

Ulu Öndər Heydər Əliyev zəngin təcrübəsi, mətin iradəsi və müdrik siyasəti sayəsində qısa müddət ərzində respublikada siyasi sabitliyi bərqərar etdi. Bu isə öz növbəsində müstəqil dövlət quruculuğu işlərinə, əsaslı islahatların, o cümlədən iqtisadi islahatların həyata keçirilməsinə başlamağa zəmin yaratdı.

Müstəqil Azərbaycanın yeni iqtisadi modelinin əsaslı mülkiyyət islahatları bazasında formalaşması zəruriliyini əsas götürən Ulu Öndər  mülkiyyətin müxtəlif formalarının mövcudluğunu təsbit etdi. Bununla bağlı dövlət tərəfindən hüquqi təminatları ölkənin yeni konstitusiyasında  əks etdirdi. Bu əsasda yeni mülkiyyət münasibətlərinin təşəkkülü strategiyası müəyyən edildi. Həmin strategiyaya uyğun olaraq, bazar iqtisadiyyatı islahatlarının ardıcıl və sistemli şəkildə aparılması iqtisadi siyasətin əsası istiqaməti kimi qəbul olunmuşdu. İslahatların mühüm istiqamətləri kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi, azad sahibkarlığın və sərbəst rəqabətin inkişaf etdirilməsi qiymətləndirildi.

Ulu Öndər mülkiyyət islahatlarının mütəşəkkil qaydada və sürətli aparıması yolunu göstərdi. Bu yolun əsas cəhəti özəlləşdirmənin həm xalqın, həm də dövlətin mənafeləri baxımından səmərəli təşkil edilməsi idi.

Ümummilli liderimiz özəlləşdirmənin sürətləndirilməsinə, bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına xüsusi diqqət yetirmişdir.Onun bilavasitə rəhbərliyi ilə özəlləşdirmə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilmiş, bununla bağlı zəruri qanunvericilik sənədləri qəbul edilmiş və əməli tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur.

Mülkiyyət islahatlarının dərinləşdirilməsi, özəlləşdirmə ilə yanaşı, əmlak idarəçiliyində də əsaslı dəyişikliklərin aparılmasını tələb edirdi. Bu istiqamətdə islahatların gedişində dövlət əmlakının idarə edilməsinin yeni sistemi qurumuşdur. Ulu Öndərin müvafiq Fərmanlarına uyğun olaraq dövlət əmlakının registrinin yaradılması və aparılmasının, icarəyə və istifadəyə verilməsinin, habelə səmərəli istifadə edilməsinin mexanizmləri müəyyən edilmişdir.

Əmlak idarəçiliyi sahəsində islahatların digər mühüm istiqamətini daşınmaz əmlak kadastrı və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının yeni sisteminin yaradılması olmuşdur. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Mülki Məcəlləsində Daşınmaz əmlakın dövlət reyestrinin yaradılmasına və aparılması barədə müddəalar verilmişdi.

İslahatların qeyd edilən istiqamətlərinin mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən qorunmasına dair konstitusiya hüquqlarının təmin edilməsində mühüm rolu olmuşdu.

Ulu Öndərin rəhbərliyi ilə başlanılmış mülkiyyət islahatları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə davam etdirilmişdir.

Cənab Prezidentin rəhbərliyi ilə uğurlu inkişaf strategiyasının, reallaşdırılması, əsaslı struktur islahatları proqramlarının həyata keçirilməsi sayəsində Azərbaycan Respublikası iqtisadi artım templərinə görə dünyada lider dövlətə çevrilmişdir. Belə bir faktı qeyd etmək kifayətdir ki, son illər ərzində ölkəmizdə iqtisadiyyatın həcmi 3 dəfədən çox artmışdır.

Ölkəmiz enerji sektorunda beynəlxalq əhəmiyyətli iri miqyaslı layihələrin uğurla həyata keçirilməsi ilə yanaşı, çoxşaxəli iqtisadiyyatın yaradılması, istehsal və sosial infrastrukturun inkişafı sahəsində böyük irəliləyişlərə nail olmuşdur.

Dünyada baş verən böhran prosesləri şəraitində də bir çox ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, Ümumi Daxili Məhsulun həcmi ardıcıl olaraq yüksəlmişdir. 2012-ci ildə iqtisadiyyatımızın qeyri-neft sektoru 9,7 faiz artmışdır. Dünya İqtisadi Forumunun müəyyən etdiyi reytinqlərə görə Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətinə görə MDB məkanında 1-ci yerdədir.

İqtisadiyyat sahəsində qazanılan uğurlar öz növbəsində vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına imkan yaratmışdır. Qeyd edim ki, son 10 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 8 dəfədən çox azalaraq 6 faizə düşmüşdür. Sosial proqramların uğurla icra edilməsi əhalinin həyat səviyyəsinin ardıcıl olaraq yüksəlməsi ilə nəticələnir.

Ölkəmizdə güclü inkişafdan doğan tələblərə uyğun olaraq həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsində Azərbaycanda mülkiyyət münasibətlərində ciddi dəyişikliklər baş vermişdir. Qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq aparılan genişmiqyaslı özəlləşdirmə Azərbaycanda əmlaka sahibliyin yeni strukturunun formalaşması ilə nəticələnmişdir.

Dövlət əmlakının özəlləşdirilməsi prosesində 250 mindən çox səhmdarlar meydana gəlmişdir. Ümumilikdə 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşmışdır. Ümumilikdə götürdükdə 1,2 milyondan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada bəhrələnmişdir.
Ölkəmizdə həyata keçirilən əsaslı aqrar islahatların nəticəsində kənd yerlərində yaşayan 850 mindən çox ailəyə torpaq sahəsi və əmlak payı verilmişdir.

Bunların nəticəsində ölkə iqtisadiyyatının özəl bölməsinin sürətlə genişlənməsi və onun mövqelərinin möhkəmləndirilməsi üçün güclü baza yaradılmışdır.

İqtisadi islahatların və özəlləşdirmənin həyata keçirilməsi Ümumi Daxili Məhsulda qeyri-dövlət sektorunun payının dəfələrlə yüksəlməsinə gətirib çıxarmışdır. Bu göstərici 1995-2012-ci illər ərzində 30%-dən 83%-ə yüksəlmişdir.

Mülkiyyət münasibətlərinin dəyişilməsinə uyğun olaraq, əmlak idarəçiliyi sistemi inkişaf etdirilmişdir.

Bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq, dövlətə məxsus əmlakın qorunub saxlanılması və səmərəli istifadəsinin müasir şəraitə uyğun mükəmməl mexanizmləri formalaşdırılmışdır.

Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi (MQS) yaradılmışdır. Beynəlxalq qurumlarla birgə layihələr əsasında formalaşdırılan bu sistem əmlak bazarlarının dəstəklənməsi, mülkiyyət hüquqlarının qorunmasının təmin edilməsi tələblərinə cavab verir.

Modern əmlak idarəçiliyinin qurulması istiqamətində ölkə ərazisində daşınmaz əmlaklara dair elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri yaradılır. Müasir tələblərə uyğun məkan məlumatları infrastrukturunun yaradılması istiqamətində işlərə başlanılmışdır.

Səmərəli əmlak idarəçiliyini dəstəkləyən Ünvan Reyestri sistemi yaradılmışdır. Artıq yeni qaydalar üzrə ünvanların verilməsi və ünvan lövhələrinin quraşdırılmasına başlanılmışdır.

Kadastr və qeydiyyat sahəsində dövlət xidmətlərinin elektron formada təqdim edilməsinə keçid təmin edilmişdir.

Dünya Bankının “Doing busines 2013” hesabatına əsasən Azərbaycan əmlakın qeydiyyatının təkmilliyi göstəricilərinə görə dünya ölkələri sırasında 9-cu yerdədir.

Bununla yanaşı, zamanın çağırışlarına cavab olaraq, mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə özəlləşdirmənin dinamik surətdə həyata keçirilməsi, habelə əmlak idarəçiliyinin modernləşdirilməsi davam etdirilməlidir. Bu iş Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən olunmuş prioritetlər nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Bu baxımdan, düşünürük ki, mülkiyyət islahatları ilə bağlı Heydər Əliyev irsinin araşdırılması və onun əsas cəhətlərinin akademik dairələrin nümayəndələrinin iştirakı ilə müzakirəsi günümüz üçün də aktualdır.

Qeyd edilənlərlə əlaqədar, bizim konfransın gündəliyinə maraqlı məsələlər daxil edilmişdir. Əmin olmaq istərdim ki, bugünkü tədbirdə həmin məsələlər ətrafında geniş müzakirələr aparılacaq və faydalı tövsiyələr hazırlanacaqdır.

Sonda bir daha qeyd etmək istərdim ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi Azərbaycan dövlətinin qüdrətinin daha da artmasını, ölkəmizin iqtisadiyyatının davamlı olaraq gücləndirilməsini və yüksək sosial rifahı təmin edəcəkdir.

Diqqətinizə görə sağ olun.