“CƏLİLABAD-ŞƏRAB-9” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN ELANI

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 1998-ci il tarixli 804 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Cəlilabad-Şərab-9” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “səhmdar cəmiyyəti”) səhmlərinin 99,72 (doxsan doqquz tam yüzdə yetmiş iki) %-nin satışı üzrə investisiya müsabiqəsi elan edir.

 

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

 

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

 

1. Səhmdar cəmiyyəti haqqında məlumat

(01 may 2018-ci il tarixinə)

 

Hüquqi ünvanı:   Azərbaycan Respublikası, Cəlilabad rayonu, Günəşli kəndi

 

Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü:     üzüm emalı və şərab istehsalı

 

Nizamnamə kapitalı:   375 214,4 (üç yüz yetmiş beş min iki yüz on dörd) manat

 

Buraxılmış səhmlərin sayı:  187 607 (bir yüz səksən yeddi min altı yüz yeddi) ədəd

 

Buraxılmış səhmlərin növü:    sənədsiz adlı

 

Bir səhmin nominal dəyəri:    2 (iki) manat

 

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı:   187 075 (bir yüz səksən yeddi min yetmiş beş) ədəd

 

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri:   374 150 (üç yüz yetmiş dörd min bir yüz əlli) manat     

 

Əhatə etdiyi sahə və torpaq sahəsi üzərində yerləşən tikililərin xarakteristikası:      səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (Emissiya prospektində) göstərilmişdir

 

Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı: yoxdur

 

Qeyri-maddi aktivlər:   yoxdur

 

İstismara verildiyi il:   1981

 

İşçilərin sayı:     1 nəfər

 

 

2. İddiaçılar qarşısında qoyulan şərt və tələblər

 

2.1 Müəssisənin fəaliyyətinin bərpası və/və ya digər istehsal (emal) sahəsinin yaradılması üzrə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə ümumi həcmi 400 000 (dörd yüz min) manatdan az olmayan İnvestisiya Proqramının təqdim edilməsi:

2.1.1 fəaliyyət növündən asılı olaraq yeni texnologiyaların tətbiqinə dair təkliflər;

2.1.2 istehsal olunan məhsulun çeşidinin artırılmasına dair təkliflər;

2.1.3 yeni iş yerlərinin yaradılmasına dair təkliflər;

2.1.4 mövcud tikili və qurğuların bərpasına, habelə zəruri tikililərin inşasına dair təkliflər;

2.1.5 səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 (altmış) gün müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5 (beş) %-ə qədərinin) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.

2.2 Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi 120 000 (bir yüz iyirmi min) manat və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə ekvivalentindən az olmamaq şərti ilə).

 

 

3. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

 

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).

3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 40 000 (qırx min) manat məbləğində vəsaitin beh olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə zəmanət məktubu (bank qarantiyasının forması satıcı tərəfindən müəyyən edilir). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaqdır.

3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;

- təsis müqaviləsinin (olduqda) notarial qaydada təsdiqlənmiş surəti;

- müəssisənin fəaliyyətini əks etdirən məlumat toplusu;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);

- təqdim edilən sənədlərin siyahısı.

İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- şəxsiyyəti təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;

- iddiaçı haqqında məlumat;

- sahibkarlıq fəaliyyəti haqqında məlumat;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki     şəxslər üçün);

- təqdim edilən sənədlərin siyahısı.

Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

- İnvestisiya Proqramı;

- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.

 Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim etməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

 

 4. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

 

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmasını.

4.1.2. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən:

- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini;

- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5 (beş) %-ə qədər olan hissəsinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini;

- öhdəlik götürəcəyi sayda, lakin 20-dən az olmayaraq, yeni iş yerinin yaradılmasını;

- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 2 500 (iki min beş yüz) manat məbləğində vəsaitin ödənilməsini;

-  müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.

 

4.2. İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 4 iyul 2018-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 802, tel.: 490 24 08 (əlavə 208 və 191).

4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 4 iyul 2018-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək bu ünvanda aparılacaqdır: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 802.

4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 6 iyul 2018-ci il, saat 1500-dan başlayaraq həyata keçiriləcəkdir.

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?