Dövlət əmlaklarına sahib olmaq üçün hərracda iştirak et

Dövlət əmlaklarına vaxt itirmədən, təyin olunan məkana getmədən də sahib olmaq mümkündür. Bunu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmədə tətbiq olunan Elektron hərrac sistemi mümkün edir. Əlçatan səviyyədə mövcud sifariş və iştirak imkanları investorların rahatlığını təmin etməklə yanaşı, özəlləşdirmə prosesini sürətləndirir. Vətəndaşlar hər həftə reallaşan hərraclarda iştirak edərək şəffaf mühitdə əmlak sahibinə çevrilirlər.

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi belə hərraclardan biri də 25 sentyabr tarixində reallaşacaq. Bu dəfə hərraca ümumilikdə 118 dövlət əmlakı çıxarılıb. Onlardan 83-ü kiçik dövlət müəssisə və  obyekti, 28-i qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.

İnvestorlar hərracda iştirak edərək müxtəlif iqtisadi sahələrdə fəaliyyətə imkan verən kiçik dövlət müəssisələrinə sahib ola bilərlər. Ümumi faydalı sahəsi 20 kv.m ilə 4 min 386 kv.m intervalında olan bu dövlət əmlakların çoxu torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. İsmayıllı şəhəri, Heydər Əliyev prospektində yerləşən 45 saylı təmir tikinti sahəsinin ümumi faydalı sahəsi 555 kv.m-dir. Geniş torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan obyektin fəaliyyətinin bərpası bölgədə tikinti məhsullarına olan tələbatı ödəyə bilər. Ümumi faydalı sahəsi 56 kv.m olan Gəncə şəhərində yerləşən 9 saylı mağaza xidmət sahəsində gəlirli obyektdir.

Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14 kv.m ilə 1612 kv.m aralığındadır. Bu obyektlərin 7-si Sumqayıtda, digərləri isə paytaxt rayonlarında yerləşir.

Avtomobil almaq arzusunda olan şəxslər budəfəki hərracda iştirak edərək buraxılış illəri 1989-2008 olan Qaz, Kamaz və Vaz markalı nəqliyyat vasitələrinə sahib ola bilər.

Özəlləşməyə çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək  və elektron formada sifariş vermək üçün komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) müvafiq bölməsinə daxil olmaq kifayətdir. Təyin olunan vaxtda hərrac prosesində həm sifarişçilər, həm də digər şəxslər onlayn formada iştirak edə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarlıqla məşğul olmaq arzusunda olan şəxsləri, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.