Saytın xəritəsi aze eng   rus  

Əmlak Məsələləri Dövlət Komitəsində 2010-cu ilin birinci yarısında görülmüş işlərə dair iclas keçirilmişdir



29.07.2010
  

Əmlak Məsələləri Dövlət Komitəsində 2010-cu ilin birinci yarısında

 

görülmüş işlərə dair iclas keçirilmişdir 

Əmlak Məsələləri Dövlət Komitəsində 2010-cu ilin birinci yarısında Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə verilmiş tapşırıqlara əsasən, dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın kadastrının aparılması istiqamətlərində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərə dair iclas  keçirilmişdir.

İclasda çıxış edən komitə sədri Kərəm Həsənov qeyd etmişdir ki, 2010-cu ilin ilk 6 ayında dövlət əmlakının səmərəli idarə edilməsi, qorunub saxlanılması və mühafizəsi, özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, regionların inkişafının təmin olunması üçün istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və inkişafı, yeni iş yerlərinin açılması, özəlləşdirilən müəssisələrdə investisiya qoyuluşlarına nəzarət edilməsi sahələrində bir sıra zəruri işlər görülmüşdür. Bu işlər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi və uğurla icra olunan digər sosial-iqtisadi inkişaf proqramları, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə sıx əlaqəli şəkildə həyata keçirilmişdir.

Eyni zamanda özəlləşdirmə və daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində şəffaflığın və səmərəliliyin daha da artırılması, operativliyin təmin edilməsi əsas prioritetlər təşkil etmişdir.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli müvafiq Sərəncamına əsasən, dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində səmərəliliyinin artırılması məqsədi ilə bir sıra beynəlxalq təşkliatlar, o cümlədən Dünya Bankı, Almaniyanın KfW Bankı ilə birgə aidiyyəti tədbirlər həyata keçirilmişdir.

Bu müddətdə əvvəlki dövrlərdə nəzərə alınmaqla dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 20-ə yaxın normativ hüquqi (normativ) xarakterli sənəd layihələri hazırlanmışdır. Bunlardan bir qismi artıq təsdiq edilmiş və qüvvəyə minmişdir. Təsdiq edilmiş sənədlər sırasında daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi qaydaları, tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı, özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatdıqdan sonra yeni özəlləşdirmə qaydalarının tətbiqi ilə bağlı müvafiq qərar, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi qaydalarının təsdiq edilməsi kimi normativ sənədləri qeyd etmək olar.

2010-cu ilin birinci yarısında 360 kiçik müəssisə və obyekt özəlləşdirilmişdir. Bunların 201-i Bakıda, 80-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. 2010-cu ilin birinci yarısında 260 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir.

Bu dövrdə dövlət müəssisələrinin bazasında 10-a yaxın səhmdar cəmiyyəti yaradılmışdır. Səhmlərin satışı üzrə keçirilmiş 30-a yaxın hərracda 20-ə yaxın səhmdar cəmiyyətin səhmləri satılmışdır. 2010-cu ilin ilk altı ayında 3 səhmdar cəmiyyətinin (“Məişət Malları”, “Biləsuvar Quşçuluq” və “Masallı Konserv”) səhmlərinin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsi həyata keçirilmiş və müsabiqələrin qalibi müəyyən edilmişdir.

Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə 70-ə yaxın səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə dididendlər ödənilmişdir. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2010-cu ilin yanvar-iyun aylarında müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 18,9 milyon manat məbləğində investisiya qoyulmuşdur. Bu investisiyalar müəssisələrin istehsal potensialının daha da artırılması və genişləndirilməsi məqsədi ilə müasir avadanlıq və mütərəqqi texnologiyaların tətbiqi, habelə ekoloji problemlərin aradan qaldırılması və işçılərin sosial təminatının daha da yaxşılaşdırılmasına yönəlmişdir.

2010-cu ilin birinci yarısında investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 2 müəssisə («Gəncə Dəyirman» ASC və «Bakı Ağırlaşdırıcılar» ASC) üzrə mülkiyyət hüququ alıcılara keçmişdir.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli “Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının vaxtında və səmərəli şəkildə icrasının təmin olunması istiqamətində qanunla müəyyən edilmiş tədbirlər həyata keçirilmişdir. Belə ki, özəlləşdiriləcək müəssisələrin siyahıları və yerləşmə üzrə dislokasiyaları müəyyənləşdirilmiş, onların əmlaklarının faktiki vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə inventarizasiya işləri, habelə əmlakların qorunub saxlanılması ilə bağlı aidiyyəti işlər həyata keşirilmişdir. Bu müəssisələrin özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində də lazımi işlər görülür.

«Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı»nın icrası ilə bağlı 2010-cu ilin yanvar-iyun aylarında müvafiq tədbirlər görülmüşdür.

İclasda bildirilib ki, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan təyinatı üzrə səmərəli istifadə edilməsi, daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi, dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması, dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin monitorinqinin aparılması, müəssisələrdən hesabatların və inventarizasiya aktlarının alınması və təhlili istiqamətində işlər həyata keçirilmişdir.

Hesabat dövründə səhmləri dövlətə məxsus «Azərboru» ASC və «Bakıelektriktökmə» ASC-nin təqdim etdikləri özəlləşdirməqabağı sağlamlaşdırma və restrukturizasiya proqramlarına baxılmış və müvafiq təhlillər aparılaraq təkliflər hazırlanmışdır.

2010-cu ilin birinci yarısında 41 səhmdar cəmiyyətində,  3 səhmdar cəmiyyətinin struktur bölməsi olan 28 idarə və müəssisədə, 4 birgə müəssisədə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanılması və ödənilməsi vəziyyəti, 21 idarəetmədə olan müəssisə və onların obyektlərində, 9 yarımçıq tikilidə isə dövlət əmlakının qorunub saxlanılması, ondan səmərəli istifadə olunması vəziyyəti araşdırılmaqla ümumilikdə 107 monitorinq keçirilmişdir.

Özəllədirmədən sonra alqı-satqı müqaviləsinin şərtlərinə əməl olunması və fəaliyyətində öz profilinin  saxlanılması ilə bağlı 70 uşaq bağçası və körpələr evində monitorinq aparılmışdır.

Hesabat dövrü ərzində 351 daşınmaz dövlət əmlakı, eləcə də, 96 obyektin torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilmişdir.

İcarə haqlarının nağd qaydada ödənilməsinin azaldılması və şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi vasitəsi ilə hüquqi və fiziki şəxslər tərəfindən 5811 ödəniş həyata keçirilmişdir. Ümumilikdə qeyri-yaşayış sahələrinin və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 1.9 milyon manat vəsait daxil olub.

2010-cu il 1 iyul tarixinə 17 minə yaxın torpaq sahəsi, o cümlədən fiziki və qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi 6034 torpaq sahəsi haqqında məlumatlar Registrdə qeydiyyata alınmışdır.

İclasda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin inkişafı üzrə Tədbirlər Planı”na uyğun olaraq komitə tərəfindən daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində şəffaflığın və səmərəliliyin artırılması məqsədi ilə müvafiq işlər görülmüşdür. Qeydiyyat prosesində vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə operativliyin təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirilmişdir.

Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin tam istismara verilməsi başa çatdırılmış, bu sistem daha da təkmilləşdirilmiş, əhaliyə xidmət göstərən ərazi idarələrinin maddi-texniki təminatı gücləndirilmişdir.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinə dair Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Kredit Sazişinin icrası ilə bağlı tədbirlər davam etdirilmiş, layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsinin vahid informasiya sisteminin qurulması, ölkə üzrə daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin yaradılması, Əmlak Məsələləri Dövlət Komitəsinin və qurumlarının potensialının gücləndirilməsi istiqamətində səmərəli işlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi və KfW arasında Kadastr və  Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində ekspert xidmətlərinin maliyyələşdirilməsi ilə bağlı Qrant Sazişi imzalanmışdır.

Azərbaycan Respublikasında daşınmaz əmlak obyektlərinin ünvanları barədə sistemləşdirilmiş məlumat bazasının yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq  Əmlak Məsələləri Dövlət Komitəsi və Norveçin Kadastr və Xəritəçəkmə Təşkilatı arasında Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılmasına dair Qrant Sazişi imzalanmışdır.

2010-cu ilin birinci yarısında respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.  Bunun 15 minə yaxını təkrarç 31 minə yaxını isə təkrar qeydiyyat təşkil edir. Bunlardan 9196-ı fərdi yaşayış və bağ evi, 18500-ü mənzil, 14802-i torpaq sahəsi, 2295-i qeyri-yaşayış sahəsi, 273-ü əmlak kompleksi, 9-ü çoxmərtəbəli yaşayış binası, 397-i çoxillik əkmə təşkil etmişdir. Bununla yanaşı hesabat müddətində 9723 ipoteka müqaviləsi, 217 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınmışdır.

Hesabat müddətində üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərindən 18958-sı (41.7 faizi), tərtib edilmiş texniki pasportlardan  13385-i (346.4 faizi), dövlət qeydiyyatına alınmış ipoteka müqavilələrindən 4746-ı (48.8 faizi), dövlət reyestrindən hüquq sahiblərinə verilmiş məhdudiyyət arayışlarından 9442-i (31.2 faizi), əhaliyə xidmətlə bağlı arayışlardan 14398-i (65.9 faizi),  tərtib edilən müayinə aktlarından 9442-i (29.0 faizi) Bakı şəhərinin payına düşür. Hesabat dövründə daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı 5685 min manat xidmət haqqı, 3406,8 min manat dövlət rüsumu daxil olmuşdur.

“Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən bələdiyyələrin xəritələrinin hazırlanması üzrə işlər davam etdirilmişdir.

Ölkə ərazisində daşınmaz əmlakın vahid kadastrının, habelə ünvan reyestrinin tərtibi, aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi işinin daha da təkmilləşdirilməsi və ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan müvafiq icra hakimiyyəti orqanlarının işinin əlaqələndirilməsi istiqamətində də işlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin  kadastr planlarının tərtibi və onlardan çıxarışların verilməsi istiqamətində işlər görülmüşdür.

Bununla yanaşı, qabaqcıl informasiya-kommunikasiya texnologiyaları istifadə edilməklə müasir şəraitə uyğunlaşdırılmış respublikanın Daşınmaz Əmlakının Milli Qeydiyyat Sisteminin, habelə dövlət əmlakının idarə edilməsinin informasiya sisteminin inkişafı, komitənin informasiya-kommunikasiya texnologiyaları strategiyasının təkmilləşdirilməsi ilə bağlı zəruri işlər görülmüşdür. Belə ki, ölkə üzrə daşınmaz əmlaka dair vahid məlumat bazasının yaradılması, bu sahədə əldə edilmiş informasiyaların ümumiləşdirilməsi, emalı və təhlil edilməsi, habelə daşınmaz əmlakla bağlı müqayisəli, analitik və statistik materialların hazırlanması işi davam etdirilmişdir.

2010-cu ilin ilk yarısında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və digər dövlətlərin aidiyyati qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlər davam etdirilmişdir.

BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) dəstəyi ilə “Daşınmaz əmlakın idarə olunmasında səmərəlilik və şəffaflıq” mövzusunda, “Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət sahəsində Avropa Birliyi ölkələrinin təcrübəsi“ mövzusunda, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ)-nin dəstəyi ilə “Daşınmaz əmlakın kadastrı və qeydiyyatı” mövzusunda seminarlar keşirilmişdir.

Dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı prosesində şəffaflığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə idarəetmə proseslərinin avtomatlaşdırılması, komitənin fəaliyyəti ilə bağlı zəruri məlumatların kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırılmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, kadastrı və ünvan reyestrinin aparılması sahələrində qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması sahəsində müvafiq tədbirlər görülür.

Komitənin fəaliyyətini geniş əks etdirən “www.emdk.gov.az” internet saytında "İnformasiya əldə etmək haqqında" Qanunda nəzərdə tutulan məlumatların yerləşdirilməsi, saytdan əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi ilə bağlı da lazımi işlər görülür. Həmçinin müraciətlərin cavablandırılması sahəsində də operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə daxil olan sorğuların komitənin internet saytı vasitəsilə elektron qaydada qəbulu və cavablandırılması işi aparılır.

Vətəndaşların ictimai etimadının artırılması, daxil olan müraciətlərin cavablandırılması işində operativliyin təmin edilməsi məqsədilə komitənin mərkəzi aparatında 193 nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 148 nömrəli və Hərracların Təşkili üzrə Auksion Mərkəzində 566-07-44 nömrəli telefon məlumat xidmətləri fəaliyyət göstərir.

Daxil olan müraciətlər əsasən dövlət müəssisə və obyektlərinin icarəyə verilməsi və özəlləşdirilməsi, bununla bağlı təqdim ediləcək sənədlərin siyahısı ilə əlaqədar olmuşdur. Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində müvafiq qanunvericiliyin izah olunması ilə bağlı da müraciətlərin daxil olması çoxluq təşkil etmişdir. Eyni zamanda özəlləşdirmə prosesində əmək kollektivlərinin hüquqları, özəlləşdirmə paylarından əlverişli istifadə ilə bağlı da müraciətlər daxil olmuş və ətraflı cavablandırılmışdır. Komitənin hüquqşünasları tərəfindən qanunvericiliyin müddəaları, vətəndaşlarımızın özəlləşdirmə sahəsində hüquq və vəzifələri onlara izah edilmişdir. Məlumat telefon xəttinə daxil olan sorğuların bir qismi də dövlət əmlakından səmərəli istifadə olunması ilə bağlı xüsusi hesabat formasının tətbiqi, maliyyə hesabatları və inventarlaşdırma aktlarının təqdim olunması, dövlət torpaqlarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə edilməsi ilə bağlı olmuşdur. Eyni zamanda, daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyatı, daşinmaz əmlakın kadastrı və ünvan reyestrinin aparılması, əmlakın texniki inventarlaşdırılması ilə bağlı da müraciətlər daxil olmuşdur. Həmçinin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclar bu hərraclara çıxarılan müəssisələr, hərracda iştirakla bağlı ünvanlanan müraciətlər də operativ cavablandırılmışdır.

Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına və “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elan edilən hərraclar, keçiriləcək investisiya müsabiqələrinin elanları və onların nəticələri haqqında məlumatlar komitənin internet saytında yerləşdirilmiş və «Mülkiyyət» qəzetində dərc edilmişdir.

Həmçinin komitənin “Daşınmaz Əmlak Aylıq İnformasiya Bülleteni”nin nəşrinə başlanılmış və artıq jurnalın üç nömrəsi işıq üzü görmüşdür.

Komitənin aparatında, strukturuna daxil olan və tabeli qurumları arasında daxil olan sənədlərın baxılmasında operativliyin daha da artırılması məqsədilə avtomatlaşdırılmış sənəd dövriyyəsi sisteminin yaradılması işinə başlanılmışdır.

Sonda daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı sisteminin inkişaf etdirilməsi, bu sahədə şəffaflığın və səmərəliliyin artırılması, habelə vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı da müvafiq tapsşrıqlar verildi.

Həmçinin iş fəaliyyəti proseslərində yol verdikləri nöqsanlara görə komitənin bir sıra işçilərinə töhmət və xəbərdarlıqlar verilmiş, onlara işlərində ciddi dönüş yaratmaqları tövsiyyə edilmişdir.

İclasda özəlləşdirmənin daha da sürətləndirilməsi, dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən daxilolmaların artırılması, dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, onun qorunub saxlanılması və səmərəli istifadə edilməsi sahəsində həyata keçiriləcək tədbirlərin daha da gücləndirilməsi, dövlət mülkiyyətində olan torpaq sahələrində qeyri-qanuni tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasının, onların istifadə təyinatının dəyişdirilməsi hallarının qarşısının alınması və səmərəli istifadəsinin təmin olunması istiqamətində görülmüş işlərin gələcəkdə də uğurla aparılmasının vacibliyi vurğulanmışdır.